Ayxan Kiçikbəy – 3 şeir
TRAGİKOMEDİYA
Dostum!
Gəl, gülək
gecələri evlərinin bir küncündə
kirimişcə ağlayan bığlı kişilərə,
asfalt yollara baxıb əsgər oğlunu
gözləyən gözü yaşlı analara
Dostum!
Gəl, gülək
ata-anasını itirən,
gecələrini qəbirstanlıqda
keçirən uşaqlara
Dostum!
Baxaq həyata, dişlərimizi ağardaq
Gəl, gülək
həmişə sevirəm deyib
sevgisini pula satan gözəl qızlara
Gəl, gülək
“bu da gələr, bu da keçər, ağlama”
deyən ümidli insanlara
Dostum!
Mən tozlu-torpaqlı,
Sən islanmış yolların yolçusu
Gəl, gülək ikimizə
sevərkən ölən sənə
və doğarkən ölən mənə
Sonra qollarını sar boynuma,
mən də sənə sarılım
Xeyli beləcə ağlayaq,
göz yaşlarımız da qarışsın bir-birinə
Dostum! Qoy, baxanlar doyunca gülsünlər
həyatın ağlamalı səhnələrinə
19.01.10
***
KƏNDİMİZƏ SONATA
Yeddi təpənin arxasından gəlirəm
Orda bir araba, bir qoca vardı
Arıq atının nal izləri
Bir də yorğun yerişləri
Hopmuşdu torpağın islaq üzünə
Yeddi təpənin arxasından gəlirəm
Yaddaşımdan silinmiş evin xatirələrindən
Babamın qeyb olmuş əllərinin istisindən
Nənəmin divardakı şəklinin lal baxışından
Yamacları yaddaşımda qalacaqdı
Ləpirlərim torpaqda
Bu yol dartıb məni bura gətirməsəydi
Hər şey yadımdadı, hər şey
Yeddi təpənin arxasında
Günəşin bir ayrı cür doğması
Ağacların insanlara gülümsəməsi
26.01.10
***
KEÇƏN GÜNLƏR
Atama
Bir film kimi, bir serial kimi
Uzunmuş ömrün günləri
Çiynimə almışam günləri, ayları
Bir sevda qalmışdır uzaqlarda
On səkkiz yaşında
Yağışın içində islanan günlər
O axan çaylar,
Açılıb, solub yox olan günlər
Hardasa qatarla yüyürür yenə
Bir günəş hardasa gülümsəyir kimsəyə
Bir uşaq dayanıb pəncərə önündə
Bir film kimi, bir serial kimi
Sonu yaxşılıqlarla bitən nağıllar kimi
Düşmür göydən üç alma
Bir qoca keçir səkiylə
Gözləri ilə öpür keçən günləri
27.01.10
Etiketlər: Ayxan Kiçikbəy, keçən günlər, kəndimizə sonata, şeir, sevgi şeirleri, tragikomediya







Ayxan, sən şeirdə də,nəsrdə də yaxşı nümunələr yarada bilirsən.Amma mənə çata bilməzsən dəəəə))))))).Hələ hər şey qabaqdadı.UĞURLAR hər ikimizə.Yolun siftəsi işıqlıdır.