İki esse

İki esse

Hərdən

Hərdən bu həyatdan getmək fikrində olanda gedim-qalım səbəblərini barmaqlarınla saymağa başlayarkən getməyə səbəblərini hesablanacaq barmaqların yetməyəndə qorxuya düşdüyün anlar olub?
Hərdən sənin özün haqda fikirlərinlə, digərlərinin sənin haqda fikirləşdikləri arasında antonimliyi hiss etmisən?
Hərdən güzgüdəki adama nifrət edib, yazığın gəlib, üstünə qışqırıb, könlünü almısan?
Hərdən bəzi qızların yanındakı nişanlılarını, sevdiklərinə görə yox, aksesuarlarına uyğun olduğuna görə gəzdirdiklərinin fərqinə varmısan?
Hərdən öz bədənindən çıxıb, özünlə üz-üzə danışmaq eşqinə düşmüsən?
Hərdən vicdan mələyin səni sabah bir pis iş tutmaq fikrində olduğunu gözlərinin dərinliklərində oxuyanda, səni bu fikirdən daşındırarkən onun ağzını möhkəm-möhkəm yummusan?
Hərdən bir iş görmək haqqında ideya onun fürsətini əldən verəndən sonra sənin ağlına gəldiyin gün özünü asmaq istəmisən?
Hərdən dostlarından çox, zəhlən getdiyin bir adamdan ötrü darıxmısan?
Hərdən oxuduğun kitabları yandırıb, onların istisinə qızınmaq ağlına gəlib?
Hərdən doğum xəstəxanasında anana səni səhv gətirdikləri halda və ata-ananın əslində tamam başqa insanlar olduğunu düşünmüsən?

Tənha qayıq

Hər birimiz bu dünyaya tək gəlib, tək yaşayıb, tənha ölürük. Hamımızın boyuna bu dünyada bir tənhalıq libası biçilib. Bu libası geyinib, soyuna bilmirik. Hamının əcaibcəsinə tənhalaşma xəstəliyi var. Tək qalmaq yox, tənhalaşma. Əslində, cüt yaranan varlıqlarında da zatında bir tənhalıq duyğusu var. Hamı tənha qalmaq istəyir, amma tək yox. Tənhalıq – otaqda var-gəl edə-edə özünü dünyanın ən tənha adamı hiss edərkən, otağının qapısını açıb, digər otaqdakı yatanın hənirtisini duyanda xoş olur. Tənhalıq – oturduğun soyuq otağın divarlarında bir rəhimsizlik, dəhlizə çıxanda belə heç bir hənirti duymamaq, hətta eyvana belə çıxıb qışqıranda səsinə ancaq gecə boğuşan pişiklərin miyoltusu əks-səda verəndə dözülməz olur. Tənhalıq – bir nostalgiyadır. Nə vaxtsa səni sevənləri və sən sevdiklərini düşünmək, insanın bilərəkdən özünə əziyyət verməsi, yeknəsəqlikdə bəlkə də bir əyləncə tapma istəməsidir. Tənhalıq dəliliyi – ən çox hissləri korşalan insanlarda kəskin şəkildə özünü göstərir. Hissini, arzularını, bir yığın ehtiraslarını, yuxularını özündə boğan bir adamın ki, üzünə tüpürmək istədin, oturduğun kreslo qoymadı, bir vaxt ki, sevdiyinin dodaqlarından eləcə küçədə öpmək istədin, abır-həya, nə bilim, mentalitet qoymadı, bir yığın ağsaqqal və ağbirçəyin sənə uzun-uzadı nəsihət verərkən, onlarını nəsihətləri qarışıq, cəhənnəmə göndərməyinə tərbiyən mane oldusa, onda əzizim sən əsl impotentsən. Emosional impotent. Lüğətə baxma, orada bu söz yoxdur. Amma sən onun anlamın öz çər dəymiş həyatında hər gün başa düşürsən.
Hamımız həyat adlı okeanda üzən tənha qayıqlarıq. Hərəmizin öz yuxusu, öz nağılı var. Hərdən bu tənha qayıqların burunları bir-birlərinə biz istəmədən belə okeanın dalğaların şıltaqlığına dözməyib, sürtünür. Və qayıqımıza yeni bir sərnişin qəbul edirik. Müəyyən bir vaxta, zamana, tənhalıq xəstəliyimiz başladı, vəssalam, sərnişini düşünüb, qayıqlarımızı burunlarını bir-birlərindən ayırıb, yolumuza davam edirik.
Mənə öz yuxunu danış, yozmaq istəyirəm. Mənə ən gizlin duyğularını anlat, hiss etmək istəyirəm, mənə sevməyi öyrət, tənhalığını bölüşmək istəyirəm.

(c) Günel Eminli



Etiketlər: , , ,



“İki esse” postunda 2 şərh var.

  1. Birinci yazınızı Musa Əfəndinin yazısına bənzətdim. İndi bilmirəm. Siz ona baxıb yazmısız, yoxsa o sizə. Bəlkə də heç bir-birinizdən xəbəriniz yoxdur.
    Amma yenə də maraqlı idi. Təşəkkürlər.

  2. seymur ismayilli:

    düşündürücü yazılarınız üçün təşəkkür edirəm!yazılarınız maraqlıdır.
    Yeni yazılarınızı gözləyirik.
    Təşəkkürlər.

Fikrini bildir

XHTML: Şərhdə göstərilən teglərdən istifadə edə bilərsiz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>