II Qismət – Bomj, Füzuli və ölü siçanlar
Həyat
onun gözlərində
zibillikdən tapdığı
almanın dişlək yeri qədər boş…
o hər gün tapdığı almalar qədər tox,
diləndiyi qəpiklər qədər sərxoş.
Saqqalı
qızların mini ətəklərindən uzun,
ümidsizliyindən qısa…
O
yağmurda çimər ,
günəşdə qızınar.
saçında bitlərin marşrut darısqallığı,
metro basabası var.
Onun üçün fərqi yoxdu
mənim,sənin, onun
Obamanın,Klintonun
gəlməsi getməsi
Azərbaycanın Fransaya uzudması
Albaniyayla heç-heçə etməsi
fərqi yoxdu qəti.
O bu şəhəri, bu məmləkəti
zibil yeşikləriylə tanıyar.
Ümid
onun üçün
bir zibil yeşiyindən
o birinə qədər məsafə…
mikrodalğada fırlanan qrilləri görəndə düşünər ki,
toyuqlar da məndən üz çevirir.
… çiçək dükanın önündə dayanıb
qızılgüllərə baxan bomjun
gözlərində Füzuli şeir yazır.
Nəsə düşünür bomj …
Əllərini ciblərinə salır.
Cibindən
oynamaqdan yorulub ölən siçanlar çıxır…
Etiketlər: bomj, Füzuli, II Qismət, Qismet Rustamov, Qismət Rüstəmov






