Orxan Zamana
Sevdiyim qızların adları yadımda qalmır
evimizin pəncərəsindən haralarsa uzanan asfalt yollar görünür
bir qız gəzir o yollarda, sonra qız iki olur,
sonra üç, sonra dörd…
tək sən yoxsan onların arasında
o qızlarda sənin gözəlliyin var,
yaşıl gözlərin, dalğalı saçların,
və bir də nazlı yerişin
de görüm, hansını seçim o qızlardan
qabaqdakı necədi? məncə pis deyil,
qıyıq gözləri gülümsünür,
dalğalı saçları sinəsinə tökülüb
eynən sənin kimi
elə bilirsən sevərəm o qızı?
düşünmə bunları,
bilirəm, sən demişdin unut məni
neyləyim unutmağı hələ öyrənməmişəm
adını unutdum, saçların heç düşmür yadıma
amma bu gözlər var ki, bu gözlər
hec cür silinmir ağlımdan
neyləyim, bir yol göstər,
unutmağı öyrət, necə ki, həsrəti öyrətdin mənə
yollara düşən həsrət, kədər
heyif, bu qızların heç birində yoxdu bunlar
ən yaxşısı, elə sənsən
kədərlər, həsrətlər, sevgilər gözlərindədi
bağışla, unuda bilmirəm səni
bağışla, küçələrin kədərli görünüşü,
həsrətə bənzəyən asfalt yol,
hamısı səni xatırladır, yolda gəzən qızları yox.
Etiketlər: Ay+Xan, Ayxan Kiçikbəyli, Orxan Zaman, sevgi






