II Qismət – Olmamalıydı
Bu qədər asan olmamalıydı hər şey…
Tanışlardan telefon nömrəni götürmək,
əlini tutmaq, evə ötürmək
əvvəl dodaqlarına
sonra xətrinə dəymək
bu qədər asan olmamalıydı…
ikimiz də istədiyimizə çatan kimi tükəndik .
ikimiz də olduğumuzdan
artıq olduq görünür.
Bu qədər asan olmamalıydı…
Nəyisə, nələrisə yarım saxlamalı,
tam paylaşmamalı,
tam bölüşməməliydik…
Az zəngləşməli,
mesajların sayını azaltmalı
və bəlkə də heç öpüşməməliydik…
bizə aid olan hər dərdi
özümüz
ancaq özümüz çəkməliydik.
Yersiz incimələrin ,
küsmələrin arasına gülüş tökməliydik.
Bu qədər asan olmamalıydı…
Binaları, maşınları, küçələri
telefonda səhəri açdığımız gecələri
unutmaq,
şəkillərini silmək,
sonra adını telefondan pozmaq
və bu gecə
bu şeiri belə birnəfəsə yazmaq
asan olmamalıydı.
MƏNİ BAĞIŞLAMA !
Etiketlər: II Qismət, II Qismət - Olmamalıydı, Qismət Rüstəmov, şeir






