Səyahət

Səyahət

Hər gün olduğu kimi bügün yenə onu gördüm. Kiçik yaşlarımdan onu hər səhər və sonra isə gün ərzində bir neçə dəfə görməyə adət etmişdim. İşim az olanda isə günümün az bir hissəsini onunla keçirməyə çalışırdım. Onunla o günkü görüşümüz isə əvvəlki saysız-hesabsız görüşlərimizdən fərqli idi. Ona yaxınlaşdım. İkimizdə adət etdiyimiz kimi dizimizin üstündə oturub bir-birimizə baxırdıq. Həmişə gün ərzində baş verənləri müzakirə edərdik. Bu dəfə isə o, mənə bir etiraf edəcəyini dedi. “Mən asanlıqla keçmişə və gələcəyə səyahət edə bilirəm” dedi.
Bunun zarafat olduğunu fikirləşdim və gülümsədim. Mənə zarafat etmədiyini, ciddi olduğunu dedi. Məni zamanda etdiyi səyahətə dəvət etdi. Əvvəl tərəddüd etsəmdə “Heçnə itirməyəcəksən” sözlərindən sonra razılaşdım. “Əvvəl keçmişə ya gələcəyə getmək istəyirsən?” Yerimdə kim olsa heç düşünmədən birinci gələcəyə getmək istədiyini deyərdi. Mən isə nədənsə gələcəyə getməyə bir az qorxurdum. Fikirləşdim ki, əvvəlcə keçmişə gedək, xoşuma gəlsə əgər sonra gələcəyə də getməyə də razılıq verərəm.
“Yaxşı. Amma əvvəlcə səyahətimizlə bağlı bəzi şərtlərimizi bilməlisən.
1. Yalnız sənin iştirakın olan keçmişə gedə bilərik, yəni yalnız sənin yaşamış olduğun sənə aid olan keçmişə. Bax a sonra demə ki, mən Misir ehramlarının tikildiyi dövrə getmək istəyirəm. 2. Keçmişə gedə bilsək də, yadında saxla ki, keçmişlə bağlı heç nəyi dəyişə bilməyəcəksən, biz orda yalnız müşahidəçi ola biləcəyik.”
-    “Şərtlərinlə razıyam. Yalnız bir sualım var. Bəs yaxşı necə gedəcəyik?”
-    “Çox sadə. Mənimlə birgə zamanda səyahət edə bilmən üçün sənin filmlərdə gördüyün nə zaman maşınına, nə uçan boşqaba bir sözlə heç bir şeyə ehtiyacın yoxdur. Sadəcə fikrini topla və gözlərini mənimlə birgə yum. Beləliklə bu günə qədər yaşamış olduğun istədiyin günə düşə biləcəksən. Hazırsan?”
Hazır idim. Onun dediyi kimi fikrimi toplayıb hansı vaxta gedəcəyimi qərarlaşdırdıqdan sonra gözlərimi yumdum. Onun dedikləri həqiqət idi. Bu həqiqətən də baş vermişdi. 7 il bundan əvvələ düşmüşdüm. Əynimdə ağ köynək, qara yupka – məktəbli geyimində, çiynimdə çantam məktəbə gedən yolda durmuşdum. Bu qədər il sonra yenidən şagird idim. Həmin il sentyabr ayından etibarən artıq soyuqlar düşməyə başlamışdı. Binaların arası ilə, kəsə yolla, məktəbə gecikməmək üçün tələsərək məktəbə getməyə başladım. Soyuq Bakı küləyi getməyimə mane olurdu. Güclü əsən küləyin soyuğu isə iliyimə işləyirdi. Məktəbə çatdım. İsti sinif otağımız, sonralar heç vaxt görə bilməyəcəyim sinif yoldaşlarım, sevimli müəllimlərim. Tənəffüsdə isə məktəbimizin yaxınlığında satılan o dadlı qamburgerdən alıb yenə yedim. Dərslərimiz bitdi. Evə gəldim. Evdəkilər bir neçə gün sonra köçəcəyimizi və məktəbimizi yenə dəyişəcəyimiz barədə danışırdılar. Mən isə qayıtmaq istəmirdim. Qərar artıq qəbul edilmişdi. “Yadında saxla ki, keçmişlə bağlı heçnəyi dəyişə bilməyəcəksən”. Onun qoyduğu şərt var idi. Mən heçnəyi dəyişə bilməzdim və artıq həm də qayıtmaq vaxtı idi. Qayıtdıq. Bir az pərt olmuşdum. İndi isə növbə gələcəyə getməkdə idi. Əsəbi halda “Gələcəklə bağlı hansı şərtlərin olacaq?” dedim.
-    “Diqqətli ol! Diqqətli ol ki, peşman olmayasan.”
-    “Yalnız bir şərt? Bəs…”
Gülümsəyib “Çox sual verirsən. Hazırsan? Gedək.”
Artıq əzbərləmişdim. Fikrimi topladım, gözümü onunla birgə yumdum və … Yaman qorxdum. İndi onun hələ lap əvvəl niyə qorxma dediyini başa düşdüm. Ala qaranlıq nəhəng bir otaqda idim. Bu dəfə deyəsən çox illər sonraya gəlmişdik. Vücudum qocalmışdı. Əllərim əvvəlki təravətini itirmişdi və qırışlar yaranmışdı. Özümü çox narahat hiss etməyə başladım. Qorxu hissi bütün vücudumu sarmışdı. Ürək döyüntülərimin sayının necə artdığını hiss etməyə başladım. Ala qaranlıq otaqda gözlərim də yaxşı görmürdü. Torlanmışdı sanki. Bədənim belə qocalması mənə çox pis təsir edirdi. Çaşqınlıqdan otaqda ora bura hərəkət etməyə başladım. Əvvəlki qədər cəld hərəkət də edə bilmirdim. Otaqda bir az çırpındıqdan sonra nisbətən sakitləşdim. Olduğum otaq zövqlə bəzədilmiş qonaq otağı idi. Divardan asılmış bir neçə rəsm əsərləri, zövqlə seçilmiş suvenirlər və insan heykəlləri otaq işıqlı olmasada aydın seçilirdi. Otaqdakı ocağın üstündə fotoların olduğunu gördüm. Amma şəkildəki adamları seçə bilmirdim. Otaqdakı işıqları yandırmalı idim. Bir neçə dəqiqəlik axtarışdan sonra işıqları yandırdım. Üzərində fotolar olan ocağa yaxınlaşdım. Hər birinə diqqətlə baxmağa çalışırdım. Düşdüyüm çaşqınlıqdan hələ də əslində nələrin baş verdiyini tam dərk edə bilmirdim. Şəkillərdən birində bir qız və oğlan bir qadını qucaqlamışdı. Həmin o qadına diqqətlə baxdıqda, onun mənə baxan və gülümsəyən gözlərindən tanıdım ki, o mənəm. İllər keçsədə dəyişməyən tək bir şey var idisə bu da gözlərim idi. Məni bu şəkildə qucaqlayan həmin o qız başqa bir şəkildə var idi. Ağ həkim xalatında, diş həkimi otağında kresloda oturub fəxrlə gülümsəyirdi. Yoxsa bu qız mənim qızım idi.. ? Mənim uşaqlıqdan arzuladığım və heç vaxt reallaşdıra bilmədiyim həkim olmaq arzusunu öz seçimi ilə qızım reallaşdırmışdı. Məni qucaqlayan o oğlan isə oğlum idi. Çaşıb qalmışdım. Bilmirdim nə edim ki, o mənə yaxınlaşdı. Mənə karyeramda çoxlu fəxr ediləcək uğurlar qazandığımı. Gözəl bir ailəmin olduğunu dedi. Həyat yoldaşımın isə bir neçə il əvvəl vəfat etdiyini dedi. Qayıtmaq vaxtı idi. Geri döndük.
Geri döndüyümüzdə burda yalnız bir neçə dəqiqə keçmişdi və onunda artıq getmək vaxtı idi. Vidalaşmaq vaxtı idi. Sağollaşmaq üçün əlimi onun əlinə uzatdım. Əlim əlinə toxundu. Əlləri soyuq idi. Və o mənə baxırdı. Toxunduğum əl mənim əlim idi – mənim əlimin güzgüdəki əksi. Soyuqluq isə güzgünün soyuqluğu idi. Mənə baxan o gözlər isə mənim gözlərim idi. Hər gün görüşdüyüm “O” mən özüm idim. Mənim güzgümdəki əksim. Vaxt olmayanda güzgüyə çox vaxt tələsik baxırdım və belə ki, “onunla” görüşə bilmirdik. Vaxt çox olduqda isə “onunla” tez-tez görüşüb danışırdıq.
Bəs zamanda asanlıqla səyahət edə bilən nə idi? – “Mənim beynim”. Beynim – fikirlərim və düşüncələrimlə asanlıqla öz keçmişimə və gələcəyimə səyahət edə bilirdi. Bunun üçün heç bir zaman maşınına ehtiyac yoxdur. Asanlıqla fikirlərimdə dəfələrlə keçmişə gedə bilsəmdə keçmişimlə bağlı heç bir şeyi dəyişmək mümkün deyil. Gələcəyimizi düzgün qurmaq isə bizlərin öz əlindədir. Yalnız bir şərt var 1. Diqqətli olaq! Diqqətli olaq ki, sonda peşman olmayaq.

© Pərvin Məmmədzadə



Etiketlər: , , , ,



“Səyahət” postunda 3 şərh var.

  1. Pervin bu senin daxilinde olan deyerdim herseyide olmasa cox seyi dedi sen heqiqetende bu ureyin bu dusuncenin sahibi olmagin ucun fexr etmelisen.

  2. gözəl və maraqlıdır bəyəndim

  3. COX qewengdi….am abezen geleceyimiz bizim elimizde olmur ve biz oz secimimizi ede bilmirik…Bezen ailelerimiz bezen ise hansisa sehv secimimize gore oz geleceyimizi oldugu kimi yawamaq mecburiyyetinde qaliriq…

Fikrini bildir

XHTML: Şərhdə göstərilən teglərdən istifadə edə bilərsiz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>