İncəsənət əsərinin yaranması dünyanı idarə edən qüvvələrin modeli kimi

İncəsənət əsərinin yaranması dünyanı  idarə edən qüvvələrin modeli kimi

Ədəbiyyat və incəsənətlə  məşğul olan adamların “insan qəlbinin mühəndisləri” kimi qələmə verilməsini, həmçinin sözügedən hər iki sahənin “psixoloji” (yunanca “psixo” ― qəlb, can) üslublarının son iki əsrdə geniş vüsət tapmasını nəzərə alaraq, “qəlb” sözünün psixologiya sözünün sadəcə sinonimi qismində işlədilməsinə bir daha əmin oluruq. Bununla belə, incəsənət  haqqında danışarkən, “qəlb”in digər məzmunlarına da istinad olunur. Fəlsəfədə mövcud fikirlər ümumən belə bir qənaətə gəlməyə imkan verir ki, “qəlb” insan bədənində ruhun bir hissəsi kimi qəbul olunur, yəni “qəlb” hər bir insan üçün fərdi sayıla biləcək ruhdur. Bu zaman ruhun hansı formada mövcud olması məsələsi meydana çıxır. Bir sıra cərəyanlarda hərəkətin mənbəyi kimi (ilkin səbəb) göstərilən ruhun özünün maddi, yaxud mənəvi qüvvə (ola bilsin, konkret fiziki kateqoriya olan “qüvvə” sözü burada düzgün səslənməsin, amma baxdığımız aspektdə “hərəkətin mənbəyi” ifadəsindən sonra yalnız “qüvvə” anlayışının istifadəsi məqbul görünür) olması, fikrimizcə, hələ həllini gözləyən məsələlərdəndir. Belə ki, “qəlb”i insanın qeyri-şüuri təsəvvürlərinin obrazı kimi mənəvi kateqoriya qismində qəbul etməyimiz aydın olsa da, bu obrazı yaradan qüvvənin mənəvi və ya maddi olması bizə qaranlıq görünür.
İnsanın öz xüsusi fəaliyyət qabiliyyətini unutmayaraq nə isə yaratmasının (fəaliyyət dayanan kimi dağılma başlayır) ruhun yaratdıqları qədər gözəl olduğunu xatırlamaq üçün “ruhun qidası” kimi dəyərləndirilən incəsənətə müraciət izah olunan tələbatdır. Ruhun materiya olması nöqteyi-nəzərdən çıxış etsək belə, onun fəaliyyətinin “insan” kimi gözəl nəticəsi olmasına baxmayaraq, biz bunun hansı prinsip əsasında baş verdiyini təyin edə bilmərik. Düzdür, biz ədəbiyyatda dəfələrlə “iradəli ruh” ifadəsinə rast gəlirik və bu, yalnız seçim imkanının mümkünlüyündən xəbər verirdi. Ruhun iradəli olması seçiminin hansısa bizə məlum olmayan qanunauyğunluğa əsaslanmasındadır. Yəqin burada söhbət hansısa qarşılıqlı əlaqədən getməlidir. Belə ki, təbiətdə mövcud olan hər şeyi təsadüfün nəticəsi kimi qəbul etsəydik, onu ram etmək mümkün olmazdı. Belə olsaydı, insan nə bir sıra xəstəliklərlə mübarizə apara bilər, nə suda gəmi ilə üzə, nə də kosmosa raketlə səyahət edə bilərdi. Digər tərəfdən, ola bilsin, hər hansı bir xüsusi materiyadan danışmaq düzgün deyil (istənilən halda, bu günkü elm onu aşkarlamağa müvəffəq olmayıb) — nə ilkin şəkildə, nə də ki, mürəkkəb birləşmələrin komponenti kimi. Ola bilsin, söhbət burada eyni tərkibin daxili düzülüşündən getməlidir. Yəni, bu düzülüş hissəciklərin iradəsinə əsaslanmaya da bilər.  Bu isə, öz növbəsində, formanın, düzülüşün rolunu önə çəkməklə ideyanın ilkinliyinə dəlalət edəcək.  Bununla da, düzgün tapılmış formanın nəinki incəsənət əsərində nəzərdə tutulmuş ovqatı yaratmaq, yaxud qoyulan digər məsələlərin həllini əks etdirmək keyfiyyəti üzə çıxmış olur, həmçinin bütünlükdə kainatın yaranmasında bilavasitə iştirakı qəbul olunmalıdir. Əslində, duyulacaq heç bir “faydası olmayan” incəsənəti şərtləndirən səbəb yəqin ki, onun məhz konkret qurucu prinsip əsasında yaranmasıdır.

© Cəlilova Fəridə<



Etiketlər: , , ,



“İncəsənət əsərinin yaranması dünyanı idarə edən qüvvələrin modeli kimi” postunda 1 şərh var.

  1. təşəkkür edirəm əladır

Fikrini bildir

XHTML: Şərhdə göstərilən teglərdən istifadə edə bilərsiz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>